Dar ağacı
Elan edilməsə də Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə gedir və getdikcə dərinləşən bu proses ölkə rəhbərliyini daha radikal addımlara vadar edə bilər.
İstiPress-in məlumatına görə, son aylarda iki nazirlikdə baş vermiş korrupsiya halları üzrə aparılan istintaq prosesinin dərinləşdirilməsi əslində ölkə rəhbərliyinin başladığı ciddi mübarizədən xəbər verir. Ölkə başçısı İlham Əliyev 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı Nazirlər Kabinetində keçirilmiş iclasda bu sahədə aparılan islahatlar öz səmərəsini verdiyini bildirib və bəzi anonslar da verib:
“Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə öz nəticəsini verir. Həm inzibati tədbirlər, cəza tədbirləri və struktur xarakterli tədbirlər də görüləcək”.
Ölkə başçısı baş verən yoxlamaların səmərəliliyinin artmasını və bu zaman möhtəkirlik hallarının qarşısının alındığını bildirib: “Yoxlamalarla bağlı mənim çox ciddi tapşırıqlarım olub. Bu yoxlamalar insanları demək olar ki, bezdirmişdi, imkan vermirdi ki, sahibkarlar rahat nəfəs alsınlar. Çox ciddi göstərişlər, tapşırıqlar verilmişdir. Bu ilin altı ayında vergi yoxlamaları istisna olmaqla cəmi 56 yoxlama keçirilmişdir. Müqayisə üçün deyim ki, keçən il 40 min yoxlama keçirilmişdir. Baxın, 40 min və 56. Burada da heç bir şərhə ehtiyac yoxdur”.
Yəni yoxlama sayı 720 dəfə azalsa da, iki nazirlikdə aparılmış yoxlamalar nəticəsində 100 milyonlarla dollar korrupsiya faktını aşkar edilib. Azərbaycan ictimaiyyəti aparılmış bu yoxlamaların nəticələrinə görə sərt tədbirlər gözləyir. Əhali küçələrə çıxaraq Çin və Tailandda olduğu kimi Azərbaycanda da korrupsioner məmurlara qarşı ölüm hökmünün kəsilməsini tələb edəcək. Hər halda, mübarizə kəskinləşdikcə, hər şey mümkündür və bu da Azərbaycan cəmiyətində yeni radikallaşma dalğası yarada bilər.
Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı ekspert Oqtay Haqverdiyev İstiPress-ə müsahibəsində bildirib ki, əgər 2005-ci ildə qəbul edilmiş “Vəzifəli şəxslərin maliyyə xarakterli bəyannamələrinin təqdim edilməsi haqqında” qanuna əməl edilsəydi cəmiyyət bu cür radikallaşma təhlükəsi ilə üz-üzə olmazdı:
“Qanun qəbul edildi, amma hələ də tətbiq edilməyib. Onun hansı mexanizmlərlə tətbiq edilməsi məsələsində fikir ayrılığı var. Bəziləri təklif edirlər ki, məmurlar yalnız gəlirlərini bəyan etsinlər, bəziləri isə təkid edirlər ki, həm gəlirlərini, həm də xərclərini bəyan etməlidirlər. Bunlardan biri üzərində dayanılmalıdır və qərar verilməlidir. Əks halda, hələ çox məmurların iri korrupsiya faktları ilə üzləşəcəyik. Məmur əgər pulu xərcləməkdə çətinlik çəkəcəksə, onu əyri yollarla qazanmağa meyli də azalacaq”.
Beynəlxalq hüquq elminə görə, korrupsiya dövlətin hər hansı qurumunda çalışan və ona etibar edilərək verilmiş səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə etmə halları adlanır. Bu termin əsasən bürokratik aparat və siyasi elita ilə bağlı işlənir. Korrupsiya vəzifədə olan şəxsin vəzifə səlahiyyətlərindən istifadə edərək qanunları inkar edib bu və ya başqa məsələni hansısa bir cinayətkar qrupun xeyrinə həll etməsidir. Ona görə korrupsiya dedikdə ancaq və ancaq vəzifədə olanlardan söhbət gedir. Beynəlxalq hüquqa görə, sadə camaatı, hətta cinayətkar biznesmeni korrupsioner adlandırmaq olmaz, həmin biznesmen rüşvət cinayətinə aiddir.
Lakin İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov İstiPress-ə müsahibəsində bildirib ki, “Vəzifəli şəxslərin maliyyə xarakterli bəyannamələrinin təqdim edilməsi haqqında” qanunun tətbiqi biznes sektorunun da təmiz işləməsinə şərait yarada bilər: “Məmurların gəlirlər barədə bəyannamələrin tətbiqi istənilən halda şəffalığa səbəb ola bilər. Bu, biznesin də şəffaf müstəvi üzərinə keçməsinə kömək edə bilər. İlkin olaraq məmurların bəyannamə təqdim etməsindən sonra bunu bütün vətəndaşlara şamil etmək olar. Bu isə bütün sahələrdə əyri yollarla pul qazananlara qarşı mübarizəni gücləndirə bilər.
Vüqar Bayramovun fikrincə, məmurların bəyannamə təqdim etməsi son nəticədə iqtisadi tərəqqiyə səbəb ola bilər: “Bunun nəticəsində biznesin qarşısına çəkilən süni sədlər azala bilər ki, iş adamları üçün daha münbit mühit yarana bilər”.
Qərbdə korrupsiyaya qarşı mübarizə XIX-XX əsrlərdən başlayıb və buna görə də bu ölkələrdə korrupsiya səviyyəsi yetərincə aşağı düşüb. Azərbaycan da bu təcrübədən yararlanmalıdır. Bu, Azərbaycana həm də beynəlxalq səviyyədə imicinin qorunması üçün vacibdir. Hər halda, iqtisadi inteqrasiyanın gücləndiyi indiki zamanda korrupsiya beynəlxalq səviyyəli problemə çevrilib.
Yorum Gönder