SON XƏBƏRLƏR

AzeriNews TV

11 Ocak 2017 Çarşamba

İqbal Ağazadə - Niyə Rəsulzadə'yə deyil diktatora abidə qoyulur?

İ.Ağazadə: “Mən də hamını yaz sessiyasının başlaması münasibətilə təbrik edirəm və ümid edirəm ki, Milli Məclis yaz sessiyasında millətimizə və dövlətimizə layiq olan qanun və qərarlar qəbul eləyəcək. 
İki məsələyə münasibətimi bildirmək istəyirəm. Dünən Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, böyük dövlət adamı Məmməd Əmin Rəsulzadənin doğum günü idi. Onun iki yerdə – Bakı Dövlət Universitetinin yanında və Azərbaycan Dövlət Kukla Teatrı ilə üzbəüz ərazidə heykəlinin qoyulması uzun illərdir planlaşdırılır. Çox təəssüflər olsun ki, Məmməd Əmin Rəsulzadənin heykəli nə əsasını qoyduğu Bakı Dövlət Universitetinin yanında, nə də mərkəzdə – Kukla Teatrı ilə üzbəüz yerdə qoyulub. 
Yeri gəlmişkən, onu da qeyd edim ki, bu gün Misir xalqının diktator deyib, hakimiyyətdən uzaqlaşdırmaq istədiyi Hüsni Mübarəkin Bakıda heykəli var. Çox qəribə oldu ki, mən bu məlumatı mətbuatdan oxudum. Bu məsələyə də ən azı heykəllərin qoyulmasına tapşırıq verən icra strukturları münasibət bildirməlidir. Necə olur ki, Azərbaycanda dövlət quruculuğunda, dövlətin elan olunmasında kifayət qədər rolu və yeri olan və Azərbaycan xalqının böyük hissəsinin məhəbbətlə xatırladığı bir insana heykəl qoyulmur, başqa bir xalqın diktatoruna heykəl qoyulur? Bu, ciddi şəkildə düşünülməli və həmin heykəl yığışdırılaraq, Məmməd Əminə abidə ucaldılmalıdır. 
İkinci məsələ. Dünən Tarif Şurası həm poçt xidməti, həm dəmiryol daşıma, həm də su istehlakı ilə bağlı qiymət artımının olduğunu elan etdi. İqtisadi böhranın səngimədiyi, dünyada hələ iqtisadi böhranın davam etdiyi, onun yeni dalğasının olacağı barədə müxtəlif proqnozlar verildiyi bir vaxtda Azərbaycan əhalisinin aztəminatlı hissəsini bu şəkildə qiymətləri artıraraq dilemma qarşısında qoymaq doğru deyil. Bu gün 85–100 manat alan kifayət qədər pensiyaçı var. Bu gün 150–160 manat maaş alan müəllimlərin, həkimlərin sayı bir deyil, 5 deyil, yüz minlərlədir. Necə ödəsinlər, hansı şəkildə versinlər? Tarif Şurası bu qiymətləri nəyə əsasən qaldırıb? Hesab edirəm, Milli Məclis hökumətin hesabatına qədər buna etiraz etməli və hökumətin hesabatında da bu məsələ hökumət qarşısında ciddi qoyulmalıdır. Çox sağ olun”

Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes