AzeriNews TV SalamNews-a istinadən xəbər verir ki, Qurani-kərim məhz Qədr gecəsində Peyğəmbərə (s) nazil olub. Amma bu gecənin dəqiq olaraq Ramazanın hansı gecəsi olduğu bəlli deyil.
Həzrət Peyğəmbər (s) və imamlardan gələn rəvayətlərə əsasən Qədr gecəsi Ramazan ayının 19, 21, 23-cü və ya sonrakı tək gecələrindən biridir. Bu gecələr xalq arasında "Əhya gecələri" kimi də tanınır. Hədislərə əsasən məhz 23-cü gecənin Qədr gecəsi olması daha çox ehtimal edilir. Əgər Ramazan 11 ayı sultanı sayılırsa, Qədr gecəsi də Ramazan ayının sultanı hesab olunur.
Bu gecələri səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır. Müsəlmanlar bu yolla Qurana, Allahın buyuruqlarına dərin ehtiramlarını nümayiş etdirirlər, eyni zamanda 1000 aydan xeyirli bir gecənin fəzilətlərindən yararlanmağa çalışırlar.
Bu gecələr, həmçinin İmam Əli (ə) ilə də bağlıdır. Həzrət Əli (ə) ehtimal edilən birinci Qədr gecəsi məsciddə ibadət edərkən qılınc zərbəsinə məruz qalıb, ikinci Qədr gecəsində isə dünyasını dəyişib. Bu gecələr müsəlmanlar birinci imamlarına da matəm saxlayırlar.
Bu gecənin müxtəlif əməlləri var. Onlardan bəziləri bunlardır:
1. Qüsl etmək.
2. Səhərə qədər məsciddə ibadət etmək.
3. 2 rəkət Qədr gecəsi namazı qılmaq (bu namaz sübh namazı kimidir, amma hər rəkətdə “Həmd” surəsindən sonra 7 dəfə “İxlas” surəsi oxunur və namaz bitdikdən sonra alını səcdəyə qoyub 70 dəfə “əstəğfirullahə və ətubu iləyh” deyilir.)
4. Quranı açıq halda baş üzərinə qoyaraq Allah, Peyğəmbər (s) və imamların (ə.s) adlarına Allahı and verib bağışlanma diləmək.
5. İmam Əli (ə) və İmam Hüseynin (ə) ziyarətnaməsini oxumaq.
6. 100 rəkət müstəhəb namaz qılmaq. Qəza namazı olanlar yaxşı olar ki, 6 günlük qəza namazı qılsınlar. Bunun savabı həm 100 rəkətli namazın savabını ödəyir, həm də 6 günlük qəza namazı qılınmış olur.
7. İmam Səccadın (ə) Qədr gecəsində oxuduğu duanı oxumaq.
8. Peyğəmbər və Əhli-beytinə salavat hədiyyə etmək.
Yorum Gönder